3/02/2010

İran Azərbaycanın İsraillə münasibətlərini həzm etmək istəmir

İsrailə Azərbaycan arasında münasibətlərin son zamanlar kifayət qədər güclənməsi Qərb təhlilçilərinin də diqqət mərkəzindədir. Polşalı jurnalist Anna Zamejin hazırladığı məqalədə (“Azadlıq” radiosu) deyilir ki, 13 il əvvəl o vaxtkı Azərbaycan prezidenti Heydər Əliyev İsrailin baş naziri Benyamin Netanyahunu Bakıda qəbul edəndə, bu, siyasi riskli qərar kimi qiymətləndirilirdi. Yer qırmızı xalçalarla döşənmədi, görüş çox açılıb-ağardılmadı. Bu gün belə ehtiyat artıq lazım deyil. İsrail liderlərinin Bakıya səfəri daha ziddiyyət mənbəyi deyil, amma Azərbaycan-İsrail münasibətləri hələ də mürəkkəb bir fenomen olaraq qalır. Ona görə də bu münasibətlərə birmənalı qiymət vermək elə də asan deyil.Məqalədə deyilir ki, əhalisinin əksəriyyəti şiə olsa da, azərbaycanlıların əksəriyyəti İsrailin düşməni olan qonşu İranda yaşasa da, Azərbaycan kəşfiyyat məlumatlarını yəhudi dövləti ilə bölüşür, onlardan silah alır, aralarında qarşılıqlı etibar var.
Bütün bunlar sivilizasiyaların toqquşması kimi tipik nəzəriyyələrə əhəmiyyət verməməkdir və hətta ziddir. Bu qeyri-formal alyans regionda mühüm rol oynayan Rusiya, İran kimi güclərin oyununu pozmaqdır. “Hər iki tərəfin bir-birinə etimadını və münasibətlərin səviyyəsini görənlər üçün gözlənilməz səslənə bilər ki, bu 18 ildə Bakı ilə Təl-Əviv arasında heç bir rəsmi müqavilə imzalanmayıb. Hətta İsraildə səfirliyin açılmağı barədə də Azərbaycan rəsmiləri aydın bir söz demirlər. Niyə? Cavab İrandır” deyə, müəllif yazır.“Bu gün hamı başa düşür ki, İran niyə nəyin bahasına olur-olsun Azərbaycan-İsrail yaxınlaşmasının qabağını almaq istəyir. Bu, İslam Respublikasının ən vacib strateji prioritetlərindən biridir. Tehran gözəl başa düşür ki, Bakı ilə Təl-Əviv nə qədər güclü bağlanırsa, İran bir o qədər zəifləyəcək”, - bunu İsrail parlamenti Knessetin keçmiş üzvü, əslən bakılı İosif Şaqal deyir. Regional liderlik arzusunda olan İran çox istərdi ki, Azərbaycan onun qaydaları ilə oynasın. Bunun əvəzində Azərbaycan hakimiyyəti nəinki İranın diktəsi altda olmaq istəmir, hətta oyunda qırmızı xətti keçir.İranın bu xırda Qafqaz dövlətinin yəhudi dövləti ilə kontaktlarını kəsmək üçün nə qədər çalışdığını təsəvvür etmək çətin deyil. “2009-cu ildə İsrail prezidenti Şimon Peresin Bakı səfərinə İran prezidenti Mahmud Əhmədinejadın reaksiyası çox səciyyəvidir. İran lideri isteriya tonu ilə tələb edirdi ki, Azərbaycan rəhbərliyi ”müsəlmanların əsas düşməni" olan dövlətin başçısının səfərini ləğv etsin" bunu deyən Şaqal hesab edir ki, belə reaksiya əks nəticə verdi. Şimon Peresi Azərbaycan hörmətlə qarşıladı.İran Azərbaycanla İsraili ayrı saxlamaq iqtidarında olmasa da, bir məsələdə uğur qazana bilib. Təl-Əviv nə qədər istəsə də, Azərbaycan indiyə kimi İsraildə səfirlik açmayıb. Bu da diplomatik asimmetriya yaradır. Çünki İsrailin 16 ildir ki, Azərbaycanda səfirliyi var. “İsraildə səfirlik açmağa İranın necə reaksiya verə biləcəyini öyrənməyə Bakının göstərdiyi cəhdlərə İran həmişə ultimatumlarla cavab verib” deyə, Şaqal bildirir. O hesab edir ki, zərərçəkən təkcə İran-Azərbaycan münasibətləri olmayacaq, Dağlıq Qarabağ məsələsində Bakıya ziyan dəyə bilər: “Əgər Azərbaycan İsraildə səfirlik açsa, İran öz növbəsində İslam Konfransı Təşkilatı çərçivəsində bəyan edəcək ki, Ermənistanla münaqişədə Azərbaycanı dəstəkləmir. Bununla da Azərbaycanın və onun dostlarının İslam Konfransı daxilində səylərini heçə endirəcək”.İsrail-Azərbaycan münasibətlərini araşdıran müstəqil ekspert Aleksandr Mirinson da ehtiyat edir ki, Bakı İsraildə səfirlik açsa, çətinliklərlə üzləşəcək: “İran Azərbaycan hakimiyyətinə problem yarada və ölkədəki sabitliyə təsir edə bilər. Bu, İsraillə Azərbaycanın münasibətlərinə İranın nüfuz etməsinin başqa yoludur. İran Bakıya bu yolla təzyiq vasitəsini tətbiq edə bilər və bu baş versə, sürpriz olmayacaq. Azərbaycana İrandan həmişə ideoloji, iqtisadi və siyasi təsir təhlükəsi olub və bu davam edir. İranın Azərbaycanda dini şəbəkəsi var və bu, Azərbaycanın dünyəvi quruluşunu laxlada bilər”.Ancaq bütün bunlara baxmayaraq, fevralın ortalarında «İzRus» portalı Azərbaycandakı İsrail səfirinin dediyini yaydı ki, Bakı tezliklə İsraildə səfirlik aça bilər. Mirinson xatırladır ki, belə bəyanatlar 2006-cı ildə də səslənirdi, ancaq reallaşmadı. Lakin Mirinsonun fikrincə, bu dəfə səfirliyin açılması baş tuta bilər. “Bu, neçə ildir ki, gözlənilir, çünki əlaqələr həm iqtisadi, həm də hərbi sahədə genişlənir. Səfirin dedikləri çox dərin strateji əməkdaşlıq səviyyəsində müəyyən razılaşmanın əlaməti ola bilər. Səfirlik açılsa, bu, İsrailin beynəlxalq aləmdəki mövqeyini möhkəmlədə bilər.Dünyada çox güclü diplomatik təzyiqlə üzləşən İsrail göstərəcək ki, şiə ölkəsi İsraildə səfirlik açırsa, deməli, İsrail regionun dostudur. Azərbaycan belə gediş etsə, İsrail dövlətinə çox mühüm, pozitiv dinamika verəcək".Londonun “City” Universitetində Yaxın Şərq üzrə mühazirə oxuyan Aran Amnon isə deyib ki, İranın nüvə proqramı İsrailin xarici siyasətinin maraq dairəsinə çıxdığı bir vaxtda, Təl - Əviv Bakı ilə münasibətlərin güclənməsində xüsusilə maraqlıdır: “İsrail mümkün qədər çox ölkə ilə münasibətləri yaxşılaşdırmaq istəyir. Xüsusilə o ölkələrlə ki, İrana təsir edə bilərlər”. Ancaq beynəlxalq aləmdə hər bir ölkə öz maraqlarından çıxış edir. Bu gedişin İsrailə xeyri aydındır. Ancaq Azərbaycan niyə siyasi riskə getməkdə maraqlı olmalıdır? Mirinson Türkiyə-Ermənistan münasibətlərindəki yeni yanaşma və Türkiyə-İsrail münasibətlərindəki soyuqlaşma ilə yaranan yeni dinamikanı əsas gətirir. Ancaq bütün bunlarla yanaşı, Azərbaycanın İsraildə səfirlik açacağını demək hələ tezdir. Onun sözlərinə görə, əslində Azərbaycanın İsraillə yaxınlaşmasının başqa səbəbləri də var. Dünyanın əsas silah ixrac edən ölkələrdən olan İsrail hərbi əməkdaşlıq üçün cəlbedici tərəf sayılır. Xəbər verilirdi ki, Qarabağ müharibəsindəki ağır itkilərdən sonra ordusunu yenidən quran Bakıya köməklik göstərən məhz İsrail idi. İsrail şirkətləri Azərbaycana müasir aviasiya, artilleriya, tank və piyada əleyhinə sistemlər təklif edirdi. O vaxtdan iki ölkə arasındakı münasibətlərdə həmişə hərbi aspekt də mövcud olub.“Şimon Peresin son səfərində imzalanan vacib bir müqavilə Bakıda pilotsuz təyyarə istehsal edən zavodun tikilməsini də nəzərdə tuturdu. Belə bir müasir texnologiyanı əldə etməklə Azərbaycan regionun olduqca vacib bir istehsalçısına çevrilə bilərdi. Hətta Rusiyanın müasir pilotsuz təyyarələri yoxdur” deyə, Mirinson bildirir. O xatırladıb ki, Rusiya Gürcüstan müharibəsində belə bir sistemə böyük ehtiyac hiss edirdi. Ekspert iddia edir ki, hərbi əməkdaşlıq planlarına Bakının ya birgə istehsal, ya da satış yolu ilə hərbi texnika sarıdan təmin edilməsi və hətta kosmik sistemlərin quraşdırılması da daxildir. 2008-ci ilin sentyabrında imzalanan başqa bir müqaviləyə əsasən isə böyük miqdarda müasir minaatanların və döyüş sursatının Bakıya satılması nəzərdə tutulur ki, bu da Azərbaycan ordusunun hərbi qabiliyyətini regiondakı rəqabətə davamlı vəziyyətə gətirə bilər. Azərbaycandakı təhlükəsizlik tədbirlərində də İsrailin rolu böyükdür. Bakı aeroportu ətrafındakı elektron mühafizə sistemi İsrail şirkətləri tərəfindən quraşdırılıb. Xəbər verilir ki, Azərbaycanın enerji infrastrukturunun təhlükəsizlik sistemlərini avadanlıqla təchiz edən də İsrail firmalarıdır. Şayiələr gəzir ki, Azərbaycan prezidentinin xarici səfərlərinin təhlükəsizliyini də İsrail təmin edir, amma belə məlumatları dəqiqləşdirmək çox çətindir.musavat

Çərşənbə, 3 Mart, 2010 - 07:22

Hiç yorum yok: