1/31/2011

Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (AzSAM) sədri Aslan Xalidi son vaxtlar bəzi dairələr tərəfindən hicab probleminin süni olaraq qabardılması,

İran rəhbərliyi bilsin ki, onların Azərbaycanda 5 min adamı varsa, Güney Azərbaycanda 35 milyon azərbaycanlı Azərbaycan Respublikasını dəstəkləyir.
Kanadada yaşayan güney azərbaycanlı mühacir, Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (AzSAM) sədri Aslan Xalidi son vaxtlar bəzi dairələr tərəfindən hicab probleminin süni olaraq qabardılması, dindarların təxribatlara cəlb edilməsi və digər məsələlərlə bağlı mətbuat konfransı keçirib. O, İranın Azərbaycandakı əlaltılarının təxribat cəhdlərindən güneyli soydaşlarımızın narazı qaldığını deyib. Qeyd edib ki, milyonlarca güneyli kimi, o da İran hakimiyyətinin hərəkətlərindən hiddətlənib.
Azərbaycanda dünyəvi dövlət, dünyəvi təhsil əleyhinə çağırışlar edən "dindar"ların arxasında İranın dayandığını söyləyən SAM sədri bildirib ki, onlar xüsusi olaraq yetişdiriliblər. Onun fikrincə,1991-cı ildən İran xüsusi xidmət orqanları Azərbaycanda təxribatlara başlayıb: "İran o vaxtdan Azərbaycanı kiçik Fələstinə çevirməyə çalışır. İran istəyirdi ki, Azərbaycanda İsrail, ABŞ və digər bizimlə müttəfiq olacaq dövlətlərə qarşı çıxacaq qüvvələr hazırlasın. Bu işlə əlaqədar olaraq 1991-ci ildən etibarən Azərbaycandan müəyyən gənclərin qanunsuz olaraq İrana aparılması təşkil edildi. O zaman bununla bağlı belə açıqlama verildi ki, o gənclər dini təhsil alacaqlar. Amma əslində onların bəziləri guya könüllü olaraq hərbi təlimlərdə iştirak edəcək və Fələstinə, din yolunda kafirlərə qarşı vuruşmağa gedəcəklər. O zaman təxminən 4 minə yaxın azərbaycanlı gənc təhsil almaq adı ilə İrana aparılmışdı. Dünyada bir sıra dini ocaq, dini-ideoloji mərkəz var. Onlardan biri də İranın Qum şəhəridir. Xomeyniçilik ideologiyasının mərkəzi Qumdur. İran hər il xomeyniçiliyə yiyələnmələri üçün minlərcə gənci müxtəlif müsəlman ölkələrindən Quma gətirir. Onlara təhsil və təlim verir, xomeyniçi kimi hazırlayıb öz ölkəsinə göndərir. Onlar bir kəşfiyyatçı kimi hazır xomeyniçi, panfarsist kimi yetişdirilir. O zaman Azərbaycan dövləti qarşısında məsələ qaldırdıq. İran tərəfi məsələni təkzib etdi. Amma biz Güney Azərbaycandakı vətənpərvər insanların köməyi ilə Qumdakı təlimləri göstərən bir lent yazısı ələ keçirdik". Evindən silah-sursat tapılmış, Azərbaycanın dövlət quruluşunu dəyişmək çağırışları ilə çıxış edən dindarların həbsinə İranın etiraz etdiyini deyən A.Xalidi bildirib ki, İranda eyni tələblə azərbaycanlılar çıxış etsə, onları edam edərlər. SAM sədri güney azərbaycanlıların İranı yox, Azərbaycanı öz vətənləri hesab etdiyini vurğulayıb: "Onlar Azərbaycana sevgi ilə yanaşırlar. İran rəhbərliyi bilsin ki, onların Azərbaycanda 5 min adamı varsa, Güney Azərbaycanda 35 milyon azərbaycanlı Azərbaycan Respublikasını dəstəkləyir". Hicab məsələsinin İran tərəfindən süni şəkildə gündəmə gətirildiyini deyən A.Xalidi bildirib ki, Azərbaycanın bəzi politoloqları və ziyalıları İran kəşfiyyat orqanlarına dəstək verirlər: "Hikmət Hacızadə, Araz Əlizadə deyir Azərbaycanda müxalifət neytrallaşdırılıb. Onların sözlərinə görə, islamçılar mübarizə aparırdı ki, onları da artıq həbs etdilər. Maraqlıdır ki, bu fikirləri "Səhər" telekanalı yayıb. Xarici ölkələrdə ermənilərlə farsların birgə fəaliyyət göstərməsi haqqında kifayət qədər məlumatlar var. Azərbaycandakı iranlı tacirlərin əksəriyyəti İran kəşfiyyat orqanları ilə əməkdaşlıq edir: "İran kəşfiyyatı ilə əməkdaşlıq etməyən hər hansı bir iranlı tacir tez bir zamanda iflasa uğradılır".
                                                                                                                                   Əli Zülfüqaroğlu

Hiç yorum yok: