2/13/2011

“Başqa ölkələrdə təbliğat aparmaq üçün səfirliyin yanında dini təhsil verən xüsusi ocaqlardan istifadə edilir”

Aslan Xalidi: ”1990-cı illərdə 4 min azərbaycanlı gəncə İranda hərbi təlim keçirilib”
Cənubi Azərbaycanı işğal edən İran bununla kifayətlənməyərək Azərbaycan dövlətini zəiflətməyə çalışır. Bunun üçün İslam dinindən öz siyasəti üçün istifadə edərək, Azərbaycan dindarlarını da bu fəaliyyətin iştirkçılarına çevirib. Son günlər azərbaycanlı dindarlardan aşkarlanan silahlar, hicab məsələsini siyasiləşdirmək istəyən qüvvələrin fəaliyyəti, Tehrandan Bakıya gələn notalar bunun göstəricisidir. İranın Azərbaycanı zəif salmaq istəyi tarix boyu olub. Hələ 1990-cı illərdə Gəncə hadisələri zamanı İran səfirinin canfəşanlığı, eyni zamanda 1991-ci ildə bu dövlətin təhsil ocaqlarında təhsil almaq üçün gedən azərbaycanlı gəncin hərbi təlimlərə cəlb edilərək, öz məqsədləri üçün istifadə etmək istəyi İranın Azərbaycana qarşı siyasətinin kiçik bir hissəsidir.
http://www.paritet.az/siyaset/3137.html

İran siyasətinin alətinə çevrilmiş bəzi azərbaycanlı dindarlara ən yaxından İranın kəşfiyyat orqanı olan ETTALAAT kömək göstərir.
Azərbaycanda dünyəvi dövlət, dünyavi təhsil əlehinə çağırışlar edən “dindar”ların arxasında İran dövləti dayanır. Bu dindarlar xüsusi olaraq yetişdirilib. Bu sözləri Kanadada yaşayan cənubi azərbaycanlı mühacir, “Azərbaycan Strateji Araşdırmalar Mərkəzi”nin rəhbəri Aslan Xalidi dünən keçirdiyi mətbuat konfransda söyləyib: “İran hələ o vaxtdan Azərbaycanı kiçik Fələstinə çevirməyə çalışır. Çalışır ki, Azərbaycanda İsrail, ABŞ və digər bizimlə müttəfiq olacaq dövlətlərə qarşı çıxacaq qüvvələr hazırlasın. Bunun üçün 90-cı illərdə 4 minə yaxın azərbaycanlı gənci dini təhsil almaq adı altında əsas din ocağı olan Qum şəhərinə apardı. Onlara təhsil və təlim verərək, xomeyniçi kimi hazırlayırlar. Biz hələ o vaxt onların video görüntülərini ələ keçirtdik. Görüntülərdə Azərbaycandan aparılmış insanların təlimdən sonra and içirlər. Bildirirlər ki, Xomeyni ideologiyasını, şiəliyi Azərbaycanda “Allahu əkbər” şüarı ilə təbliğ edəcəyik. Bu gün dünyəvi dövlət olan Azərbaycanda dini qarşıdurma yaratmaq istəyən dırnaq arası dindarlar vaxtilə İranda təhsil alımış insanlardır. Onlar burda Xomeyni ideologiyasını yaymağa çalışırlar. Xomeyni kimdir axı? Xomeyninin ən böyük xidməti Cənubi azərbaycanlılarına İran adından nifrət etdirmək olub.”
Qeyd edək ki, teokrativ dövlət olan İranda ölkəyə rəhbərliyi dini xadimlər yerinə yetirir. Prezidentin özü də bu xadimlərə tabedir. Bu struktur 1979-cı ildə baş verən ruhanilər inqilabından sonra formalaşıb. İranın birinci dini xadimi imam rütbəsinə qaldırılmış Ayətulla Xomeyni olub. 1989-cı ildə onun vəfatından sonra ölkənin prezidenti olan Seyyid Əli Xamneyi ali dini rəhbər vəzifəsini tutub. Dini rəhbərlik başqa ölkələrdə təbliğat aparmaq üçün səfirliyin yanında dini təhsil verən xüsusi ocaqlardan istifadə edir. Bu ocaqlar eyni zamanda səfirliyin fəaliyyətinə də nəzarət edir.
A. Xalidi Azərbaycanda törədilən bütün dini qarşıdırmanı bu təşkilatın təşkil etdiyini deyir. “İranın Azərbaycandakı səfirliyinin yanında fəaliyyət göstərən Mədəniyyət Mərkəzi dini qarşıdurmaları təşkil edən əsas mərkəzdir. Onun rəsmi fəaliyyəti dini təhsil vermək, İran mədəniyyətini təbliğ etmək olsa da, əsas fəaliyyəti səfirliyə nəzarət və xomeyniçi qüvvələrə dəstək verməkdir.”
Digər bir təbliğat maşını isə Azərbaycan dilində yayımlanan “Səhər” televiziyasıdır. ASAM rəhbəri azərbaycanlı politoloqların, ziyalılarının bu televiziya vasitəsilə dövlətçiliyimizə qarşı çıxış etməsinə də münasibət bildirdi: “Bu insanlar bilmirlər ki, İranın məqsədi nədir. İran 35 milyon azərbaycanlının haqqlarını tapdayır, onların azadlıqlarını əllərindən alır, öz haqqlarını müdafiə edən soydaşlarımızı edam edir. Bütün bunları kimin ayağına yazaq. Bu gün açıq-aşkar Azərbaycan dövlətçiliyinə qarşı çıxış edən insanların müdafiəsinə qalxmaq dövlətçiliyə xəyanət etmək kimi bir şeydir”.
A.Xalidi bildirdi ki, İran tərəfi evində silah-sursat tapılmış, Azərbaycanın dövlət qurluşunu dəyişmək çağırışları ilə çıxış edən dindarların həbsinə etiraz edir, amma eyni tələblə azərbaycanlılar İranda çıxış etsə onları edam edərlər. “Molla rejimi bilsin ki, Azərbaycana təzyiqlərlə burada xomeyniçiləri hakimiyyətə gətirə bilməzlər. Bu təzyiqlər şübhəsiz ki, əks effektini verəcək və Güney azərbaycanlıların etirazına səbəb olacaq. Əgər onların Şimali Azərbaycanda 5 min adamı varsa, cənubda Azərbaycan Respublukasını 35 milyon azərbaycanlı dəstəkləyir.”
Cənublu mühacir İranı qonşu dövlətlərdə təxribat törətməkdənsə, öz daxili vəziyyətilərini düzəltməyə, qeyri-fars millətləırinin hüquqlarını tapdamamağa çağırdı.
Qəzetimizə verdiyi məlumata görə, mühacirin vətənə gəlişinin səbəbi son zamanlar İranın Azərbaycana qarşı törətdiyi təxribatların qarşısını alımasında kömək etmək olub: ”Azərbaycana gəlməyimin səbəbi son vaxtlar İran kəşfiyyatının Azərbaycda fəallaşmağı ilə bağlıdır. Bu prosesləri bilən və İran kəşfiyyatının apardığı anti-Azərbaycan fəaliyyətindən kifayət qədər məlumatlı bir şəxs kimi məqsədim cəmiyyətimizə bəzi məlumatların düzgün çatdırımaq və İran kəşfiyyatına bildirməkdir ki, nəyiniz varsa götürüb bu ölkəni tərk edin. Onlara bildirmək istəyirəm ki, siz hər-hansı bir təxribat törətmək istəyirsinizsə, bu təxribat sizə çox baha-başa gələ bilər.”
A. NƏRIMANLI

Hiç yorum yok: