2/14/2012

Britaniya nəşri bildirir ki, İranda azərbaycanlılar çoxdur. Azərbaycan dövlət xəbər agentlikləri İranda azərilərə işgəncə verilməsi ilə bağlı çoxsaylı xəbərlər yayır. Bu, Azərbaycanla İran arasında münasibətlərin yaxşı olmamasına bir işarədir...


Londonda nəşr olunan “The Times” qəzeti dünənki sayında İsrail və İran kəşfiyyatçılarının Bakıdakı fəaliyyətindən bəhs edən məqalə dərc edib. Rəsmi Tehran yazıya dərhal reaksiya verib. Belə ki, İranın dövlət xəbər agentliyi ” İRNA”nın yaydığı xəbərdə bildirilir ki, Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov Xarici İşlər Nazirliyinə çağırılıb; ”İran alimlərini (nüvə üzrə mütəxəssislər nəzərdə tutulur -E.H.) qətlə yetirən terrorçuların izi Azərbaycana gedib çıxır, oradansa bu xətt Təl-Əvivə uzanır. Bundan başqa, Bakıda İsrailin agentura şəbəkəsi çalışır. Onlar “Mossad”a bağlıdır .” İran agentliyinin xəbərində belə deyilir. Həmçinin, xəbərdə vurğulanır ki, Azərbaycan səfirinə təmsil etdiyi dövlətin “Mossad”ın əməliyyatında Tehran rejiminə qarşı ehtimal olunan iştirakı barədə narahatlıqlar dilə gətirilib və səfirimizə etiraz notası təqdim olunub. Deyilənlərə cavab olaraq səfirimiz bəyan edib ki, nota Azərbaycan hakimiyyətinə çatdırılacaq. Və məsələ ilə bağlı qarşı tərəfə tezliklə cavab veriləcək.
İndi isə “The Times”ın məqaləsinə qayıdaq. Qəzetin əməkdaşı özünü İsrail kəşfiyyatının Bakıdakı agenti kimi təqdim edən “Şimon” ləqəbli birisindən müsahibə alıb. Agent bildirib ki, ”Mossad”ın ONLARLA ƏMƏKDAŞI Bakıda fəaliyyət göstərir: ”Bizim buradakı iştirakımız diqqət çəkmir. Amma sanbalı işlər görürük. Biz ötən il əməkdaşlarımızın Bakıdakı sayını xeyli artırmışıq. Bu işlər İranı bizə yaxınlaşdırır. Bu ölkə, qəribə də olsa, çox zəif müdafiə olunur...”
Məqalədə bildirilir ki, jurnalistlə “MOSSAD” agenti İsrailin Bakıdakı səfirliyinin yaxınlığında görüşüblər...
Bu məqaləni şərh edən İsrail mediası oxucularına xatırladır ki, son vaxtlar Bakıdakı İsrail səfirliyi təhlükə altındadır. 4 il əvvəl qətl edilmiş ”Hizbullah”ın nüfuzlu komandirlərindən olan İmadie Muqninin qanını almaq üçün səfirlik hədəfə çevrilib.

Agent bildirir ki, azərbaycanlılar İrana rahat gedib gələ bilirlər. Və onlardan dəyərli məlumatlar toplamaq olur: ”Belə şeylərə o qədər də nəzarət olunmur. Burada İran kəşfiyyatı bizim onlara necə nəzarət etməzimizə nəzarət edir...”
“Şərq-Qərb” araşdırmalar mərkəzinin direktoru, keçmiş əks-kəşfiyyat zabiti Ərəstun Oruclu Bakını Birinci Dünya Müharibəsi zamanındakı Norveçlə və  İkinci Dünya Müharibəsi dönəmindəki Kasablanka ilə müqayisə edir: ”Bura kəşfiyyat dünyasının mərkəzinə çevrilib .”
“Fikrimcə “Mossad”ın agentləri çox azdır, amma onlar İran agentlərindən fərqli olaraq çox yaxşı işləyirlər. Bakıda İranın minə yaxın agenti var. İranlılar açıq işləyirlər. Onlar istəyirlər ki, hamı bilsin ki, onlar buradadırlar. İsraillilərsə, amerikalılar kimi, ehtiyatla işləyirlər. Amma sonda israillilərin də burada olmasın gizlətmək mümkün olmur...”
Siyasi şərhçi Zərdüşt Əlizadə deyib ki, Bakıdakı agentura setləri “aşkarlıqda məxfi saxlanılan sirlərdir. Biz bilirik ki, onlar buradadırlar. Bilmədiyimizsə odur ki, burada olmaq üçün hökumətə onlar nə qədər rüşvət veriblər .”
Britaniya nəşri bildirir ki, İranda azərbaycanlılar çoxdur. Azərbaycan dövlət xəbər agentlikləri İranda azərilərə işgəncə verilməsi ilə bağlı çoxsaylı xəbərlər yayır. Bu, Azərbaycanla İran arasında münasibətlərin yaxşı olmamasına bir işarədir...
“Turan” informasiya agentliyini direktoru Mehman Əliyevsə bildirir ki, İranın Azərbaycanla müharibə vəziyyətində olan Ermənistana yardım etməsi Tehranla Bakı arasındakı münasibətlərə mənfi təsir edir...
Ərəstun Oruclu onu da bildirib ki, artıq Azərbaycan hərbi strukturları yəhudi və amerikalıların müvafiq qurumları ilə sinxron iş rejiminə keçib...
“Şimon”sa müsahibəsinin sonunda deyib ki, İsrail və Azərbaycan hərbçiləri bir-biri ilə kifayət qədər yaxşı tanışdırlar...
Elbəyi HƏSƏNLİ
Musavat 14/02/2012

Hiç yorum yok: