6/06/2012

“İran və Azərbaycan artıq bir-birindən ehtiyatlanan, az hallarda razılığa gələn qonşulardır”

Əli Həsənov: Biz fəxr edirik ki, müsəlman ölkəsiyik və fəxr edirik ki, dünyəvi dövlətik
“New York Times” qəzetinin 5 iyun tarixli nömrəsində “İran və Azərbaycan artıq bir-birindən ehtiyatlanan, az hallarda razılığa gələn qonşulardır” sərlövhəli məqalə dərc edilib. AzərTAc məqalənin xülasəsini təqdim edir.

“New York Times” yazır ki, Xəzər dənizinin sahilində yerləşən, bir-biri ilə ehtiyatlı davranan qonşu ölkələr - Azərbaycan və İran arasında münasibətlər son vaxtlar gərginləşib. Bu ölkələrin sərhəd-keçid məntəqələrində nəzarət gücləndirilib,
növbələr yaranıb. Bir qədər əvvəl İranın hərbi gəmiləri Xəzər dənizində bir sıra manevrlər ediblər. İranın rəsmi şəxsi Bakı aeroportundan geri qaytarılıb. Hər iki ölkənin səfirləri məsləhətləşmələr üçün geri çağırılıb.
İki ölkə arasında gərginliyin yaranmasına səbəb olan amillərin şərh olunduğu məqalədə deyilir ki, bunun başlıca səbəbi İranın Azərbaycanın Amerika Birləşmiş Ştatları və İsraillə yaxşı münasibətlərinə qısqanmasıdır. İran özünün nüvə proqramı ilə bağlı baş verə biləcək hadisələr zamanı həmin ölkələrin Azərbaycan ərazisindən istifadə edə biləcəkləri ehtimalından ehtiyatlanır. Bununla bağlı məqalədə deyilir: “Azərbaycanın rəsmi dairələri bəyan etmişlər ki, İranın nüvə proqramına dair çəkişmələrdə Azərbaycan bitərəf mövqedə qalacaqdır. Azərbaycan heç bir ölkəyə onun ərazisindən qonşularına qarşı istifadə olunmasına yol verməyəcəkdir”.

Məqalədə deyilir ki, ABŞ-ın dövlət katibi Hillari Klintonun Cənubi Qafqaza səfəri çərçivəsində Bakıda keçirəcəyi görüşlər zamanı Azərbaycanın Qərb üçün strateji müttəfiq kimi artan əhəmiyyəti əsas müzakirə mövzusu olacaq. NATO-nun Əfqanıstana yük daşımaq üçün Pakistandan keçən quru yolu bağlandıqdan sonra Alyans Azərbaycanın hava məkanından istifadə edir. Buna görə də Azərbaycanın Qərb üçün əhəmiyyəti çox vacibdir.
Məqalədə qeyd olunur ki, Azərbaycan ilə İran arasında münasibətlərin soyumasına səbəb olan amillərdən biri də İranın işğalçı Ermənistanı bütün məsələlərdə dəstəkləməsidir.
“New York Times” yazır: “Qərblə olan əlaqələr İranla baş verən gərginliyin amillərindən sadəcə biridir. Azərbaycan uzun müddətdir ki, düşməni olan və Dağlıq Qarabağ ərazisi ilə bağlı münaqişə yaşadığı Ermənistana İranın dəstək göstərməsinə dözür. Azərbaycanın daxilində və kənarındakı vəziyyət sürətlə dəyişkən olmağa başladığından, Amerika rəsmilərinin fikri hətta Suriyadakı vətəndaş müharibəsindən və daxili siyasətdən də yayınmağa başlayıb”.
Yazıda qeyd olunur ki, ötən ilin dekabrında Mətyu Brayzə Bakını tərk edəndən sonra ABŞ-ın Azərbaycanda səfiri yoxdur. Prezident Obama 2010-cu ildə Brayzənin müvəqqəti təyinatına razılıq vermişdi. Ötən ay Obama növbəti səfir kimi Avropa İttifaqındakı keçmiş səfir və Avropa enerji məsələləri üzrə hazırkı xüsusi nümayəndə Riçard Morninqstarın namizədliyini irəli sürüb. O, Senat tərəfindən təsdiq olunmasını gözləyir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun bu məsələ ilə bağlı fikirlərini sitat gətirən qəzet yazır: “Səfirin olmaması problemli məsələdir. Biz Amerika səfiri ilə məsləhətləşmələr apara bilmirik. Amerikalılar Azərbaycan kimi bir ölkəni asanlıqla itirə bilməzlər. Onlar Azərbaycanı tək buraxmazlar”.
Məqalədə deyilir ki, Dağlıq Qarabağ probleminin həllində Amerika rəsmiləri Azərbaycana birbaşa dəstəkdən Rusiya və erməni lobbisi amillərinə görə çəkinirlər. Qəzet bu barədə belə yazır: “Amerika rəsmiləri tez-tez Azərbaycan məsələsini qalibiyyət olmayan vəziyyətə bənzədirlər. Onlar hesab edirlər ki, bu ölkə ilə dostluq erməni-Amerika qrupları və ya insan hüquqları ilə bağlı yerli və beynəlxalq monitorinq qrupları tərəfindən tənqidi münasibətlə qarşılanacaqlar. Böyük oyun siyasətinin XXI əsrdəki çağırışları, Mərkəzi Asiya uğrunda Rusiya ilə Böyük Britaniyanın XIX əsrdəki rəqabəti çərçivəsində Rusiya hər zaman Azərbaycanın Qərblə olan əlaqələrindən ehtiyat edir. Hazırda rəsmi Moskva dünyanın əksər hissəsində raketləri izləmək üçün istifadə olunan Qəbələ radiolokasiya stansiyasını icarəyə götürmək məqsədilə yenidən danışıqlar aparmağa cəhd göstərir. Əvvəllər 5 il üçün icarə haqqının 7 milyon dollar olmasına baxmayaraq, indi rəsmi Bakı 300 milyon dollar tələb edir”.
Bu məsələyə də Prezident Administrasiyasının rəsmisi Əli Həsənovun münasibətini şərh edən qəzet yazır: “Cənab Həsənov demişdir ki, əmlak dəyərlərinin kəskin artmasını nəzərə alaraq bu artım düzgündür”.
Qəzet yazır ki, Azərbaycanın icarə haqqını qaldırmasında Rusiya Birləşmiş Ştatları günahlandırır və bu yaxınlarda həmin stansiyadan imtina edəcəyi ilə hədə-qorxu gəlir.
Müsəlman ölkəsi Azərbaycan dünyəvi dövlət olduğunu “Eurovision” mahnı müsabiqəsi ilə bir daha sübut etdi. Qəzet yazır: “İran ruhaniliyinin açıq-aydın məzəmmətinə baxmayaraq, rəsmi Bakı dünyəvi cəmiyyət olmaq istədiyini vurğuladı, “Eurovision-2012” mahnı müsabiqəsini keçirməklə bunu bir daha göstərdi”.
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovdan daha bir sitat gətirən qəzet yazır: “Cənab Həsənov İran ilə Azərbaycan arasında əlaqələrin tezliklə düzələcəyinə inanır. O demişdir: Biz dünyəvi dövlətlə dini dövlətin sülh şəraitində bir arada yaşaması formulunu tapacağıq. Biz fəxr edirik ki, müsəlman ölkəsiyik və fəxr edirik ki, dünyəvi dövlətik”.
http://www.yeniazerbaycan.com/news/15867.html

Hiç yorum yok: