12/13/2012


Bir qrup Azərbaycan təşkilatı BMT baş katibi Pan Gi Muna müraciətdə Güney Azərbaycanda referendum keçirilməsi tələbi qoyub. “Media forum” saytının məlumatına görə, müraciətdə deyilir: “1813 və 1828-ci illərdə Qacar şahlığı və Çar Rusiyası arasında imzalanmış Gülüstan və Türkmənçay müqavilələri nəticəsində zorla ikiyə bölünmüş Azərbaycanın böyük bir hissəsi (Güney Azərbaycan) İran adlanan ölkənin işğalı altına düşüb və orada yaşayan 30 milyondan çox Azərbaycan türkü fars mərkəzli rejimlərin assimilyasiya siyasətinə məruz qalıb.


 1925-ci ildə Qacar şahlığını devirib “vahid İran milləti” şüarı altında hakimiyyətə gələn Pəhləvi sülaləsinin basqısı ilə Güney Azərbaycan xalqının milli kimliyi danılıb, tarixi təhrif edilib, iqtisadiyyatı dağıdılıb, dili və mədəniyyəti yasaqlanıb. Fars şovinizminin ayrı-seçkilik siyasətinə qarşı mübarizəyə başlayan azərbaycanlılar 1945-ci ildə Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan milli hökumətini qurmağa nail olublar. Milli hökumətin fəaliyyət göstərdiyi 1 il ərzində azərbaycanlıların bir çox demokratik fərdi və ictimai hüquqları ilə yanaşı ana dilində təhsil hüququ da təmin edilib.

 1946-cı il yanvarın 28-də Güney Azərbaycan milli hökumətinin banisi millətlərin öz müqəddəratını təyinetmə hüququna əsaslanaraq hökumətin tanınması üçün BMT Baş Assambleyasına müraciət edib. Təəssüf ki, BMT hökumətin bu istəyini müzakirəyə çıxarmazdan öncə Pəhləvi rejimi Güney Azərbaycan ərazisinə qoşun yeridərək 10 minlərlə azərbaycanlını kütləvi şəkildə qırıb, böyük bir soyqırımı törədib, Azərbaycan milli hökumətini devirib və Güney Azərbaycan ərazisini işğal edib. Güney Azərbaycan türklərinə qarşı aparılan bu irqçi siyasəti 1979-cu ildə hakimiyyətə gələn islami rejim də davam etdirir.

 Cənab Pan Gi Mun! Güney Azərbaycanın siyasi qüvvələri BMT Baş Məclisinin 16 dekabr 1966-cı il qətnaməsi ilə qəbul olunmuş “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynəlxalq pakta əsasən, BMT-nin nəzarəti ilə Güney Azərbaycanın tarixi ərazisində Azərbaycan türklərinin iştirakı ilə referendum keçirilməsini istəyir və bu məsələnin BMT-yə üvz dövlətlərin gündəliyinə çıxarılacağına ümid edirlər”.

 Müraciəti bu təşkilatlar imzalayıb:

 Azərbaycan Milli Demokratik Birliyi

 Azərbaycan Milli Dirəniş Təşkilatı

 Azərbaycan Sosial Demokrat Partiyası

 Güney Azərbaycan Demokrat Partiyası

 Güney Azərbaycan İstiqlal Partiyası

 Güney Azərbaycan Liberal Demokrat Partiyası

 Güney Azərbaycan Milli Azadliq Cəbhəsi

 Güney Azərbaycan Milli Oyanış Hərəkatı

 Güney Azərbaycan Qurtuluş Partiyası.


Hiç yorum yok: