2/08/2013

Aslan İsabəyli:İran teokratik, yəni dini dəyərlərlə idarə olunan dövlətdir. Bu dövlətin başında dini rəhbər dayanır, ona da prezident, parlament, ədliyyə tabedir. Dini rəhbər xalq tərəfindən seçilmir. İranda 92 ayətullah var ki, guya xalq tərəfindən seçilirlər, onlar da dini rəhbəri təyin edirlər. Hər bir ölkədə dini rəhbər strukturunun bir nümayəndəsi var.

Azərbaycan Strateji Araşdırmaları Mərkəzinin (Kanada) rəhbəri Aslan İsabəylinin Avrasiya.net-ə müsahibəsi. A.İsabəyli müsahibəsində İranın Azərbaycana qarşı planlaşdırdığı təxribatlardan söz açıb.

- Rəsmi Tehran Azərbaycandan İrana aparılan və orada hərbi-dini təhsil almış azərbaycanlılara ayətullah statusu verməyi palnlaşdırır. Bundan sonra həmin ayətullahlara fətva vermə hüququndan istifadə tapşırılacaq. Azərbaycan-İsrail münasibətlərinin dondurulması, Azərbaycan-ABŞ dostluğunun qarşısının alınması kimi məsələləri gündəmə gətirəcəklər, çox güman ki, Azərbaycanda seçki ərəfəsində qarşıdurma yaratmağa çalışacaqlar. Azərbaycanda müxalifət-iqtidar cinahı var, üçüncü qüvvə isə irançı qüvvələr olacaq. Bu qüvvə yaranmış fürsətdən istifadə edəcək. Yəni onlar müxalifətin yanında olmayacaqlar, bu qüvvə əslində Azərbaycanda İranın marağını həyata keçirəcək. Bu qüvvə Azərbaycanın müstəqilliyinin, güclənməsinin qarşısını almağa çalışır. Bu işdə də İran və Rusiya kəşfiyyatı birgə çalışırlar.

- İranın marağı nədir ki, Azərbaycanda ayətullahlar yetişdirsin?
http://avrasiya.net/?p=10605
http://veteninfo.az/siyaset/9848.html



- Azərbaycan İrandan sonra ikinci böyük şiə dövlətidir. SSRİ dağılandan sonra İran Rusiya və Ermənistanla birgə Azərbaycanı aralarında bölüşdürmək istədi. Azərbaycan adlı bir ölkənin olmasını istəmədilər. Bu taktiki plan həyata keçə bilmədi. İranın ikinci taktikası ondan ibarət idi ki, Azərbaycanın Ermənistanla cəbhə bölgəsində islamçıları yerləşdirsin. Həm də Azərbaycandan İrana asanlıqla insanları aparıb orada təhsilləndirsinlər. İran Azərbaycanda islam dövləti qurmaq istəyir. Bilirsiz ki, “Hizbullah”ın üzvləri İranda təhsil alanlardırlar ki, hazırda o bölgəyə nəzarət edirlər. İran konstitusiyasında göstərilir ki, ali dini rəhbər dünya müsəlmanlarının dini rəhbəri kimi qələmə verilməlidir. Həmin bu rəhbərin tapşırığı ilə də Azərbaycanda bəzi insanlara ayətullah, höcətullah titulları verilməsi planlaşdırılır ki, həmin şəxslər öz ölkələrində fətvalar versinlər. Məsələn, Azərbaycan-İsrail münasibətlərinin normallaşmasıyla bağlı və s. İran Azərbaycanda radikal qüvvələri cihada hazırlayır. Azərbaycandan İranda dini təhsil alan 4 min insan var. Onların arasında dünyasını dəyişənlər də var. Qeyri-qanuni təhsil alanları isə Azərbaycan qəbul etmədi. Hansılar ki, ora gedəndən sonra İranın şərtləri ilə razılaşmırdı Tehran özü onları aradan götürürdü. İrandan Azərbaycana qayıdan insanlar da yaxın ətraflarını öz inhisarlarına, təsirlərinə sala biliblər. Qarşıda bir məqsəd var – cihad. İslamçılar şaha qarşı ona görə çıxdı ki, İsrail və ABŞ-la dostluq münasibətində idi. İndi həmin islamçılar Azərbaycanda cihada ona görə hazırlaşırlar ki, kafir adlandırdıqları İsrail dövləti ilə niyə dostluq edir. Bu dostluğun möhkəmlənməsi İrana sərf etmir. Çünki o zaman İran nə İsrailə, nə də Azərbaycana təsir edə biləcək gücündə olmayacaq. Ona görə də İran Azərbaycanda ayətullahlar hazırlayacaq ki, onların verdikləri fətvalar yerinə yetirilsin.

- Cihad hansı vasitə, yolla həyata keçiriləcək və İranın bu cihada dəstəyi necə olacaq?

- Cihad elan olunandan sonra islamçılar kütləvi küçələrə çıxmayacaqlar. Müəyyən vaxtlarda qətillər törədiləcək, müxtəlif dövlət əhəmiyyətli strateji obyektlərə basqınlar ediləcək, partlayışlar gözlənilə bilər, İsrail və ABŞ-ın səfirliklərinə hücum ediləcək, bu dövlətlərin vətəndaşlarına təxribatlar törədiləcək. Bu təxribatlar çox radikal olacaq. Amma mən inanıram ki, Azərbaycan dövləti, onun güc strukturları belə planların qarşısını alacaq. Bunu da deyim ki, İranın Cənubi Azərbaycan ərazisindəki Ərdəbil mahalında kifayət qədər azərbaycanlı bu təxribatları törətmək üçün hazır vəziyyətə gətiriliblər. Bu qüvvələr Azərbaycanın güc strukturları tərəfindən təbii ki, nəzarətə alına bilməz. Onların Azərbaycana göndərilməsi gözlənilir. Yaxın aylarda onlar Azərbaycana daxil olarlarsa, onda burada təxribatları törədə biləcək qüvvələr silah-sursatla təmin ediləcəklər. Belə insanlar hətta planlarının həyata keçməsi üçün canlarını belə qurban verməyə hazırdırlar.

- Beynəlxalq sanksiyalarla üzləşən İranın bu zaman diqqətini Azərbaycana yönəltməsi nə dərəcədə məntiqlidir?

- Bilirsiz ki, ABŞ senatorlardan biri Güney Azərbaycan məsələsini gündəmə gətirib. İran da bilir ki, ən böyük zərbəni istər-istəməz Azərbaycandan ala biləcək. Çünki, azərbaycanlılar İran adlanan ölkədə çoxluq təşkil edirlər. İran da hakimiyyətini təhvil vermə ərəfəsindədir. Yəni naməlum bir vəziyyətdədir. Sanksiyalarla üzləşir, daxilindəki milli problemlərini həll etmir və s. İran çalışır ki, “Hizbullah” vasitəsilə İsraili təzyiq altında saxlasın ki, ABŞ-ı İrana qarşı radikal addımlardan çəkindirsin. Amma İsraillə Azərbaycanın dostluğu həm Təl-Əvivin mövqeyini möhkəmləndirir, həm də Azərbaycanın beynəlxalq aləmdəki gücünü göstərir. Ona görə də İran məcburdur ki, Azərbaycan daxilində öz planlarını həyata keçirsin. İran əvvəllər bunu parlamentə təsir etməklə həyata keçirmək istədi. Yəni islamçıları bura yerləşdirmək istədi. Bacarmadı. Daha sonra islam partiyası yaratmaqla radikal gücləri birləşdirib, cəbhədə olan məlumatları toplayıb İran və Ermənistana ötürülməsini təşkil etdi. Yəni İran bütün vasitələrdən istifadə etdi ki, Azərbaycan hakimiyyətini zəiflətsin. Amma Heydər Əliyevin apardığı daxili və xarici siyasət, Azərbaycanın imzaladığı və qoşulduğu beynəlxalq əhəmiyyətli iqtisadi layihələrŞ xarici dövlətlərlə dostluq münasibətləri İrana niyyətinin reallaşdırmasına imkan vermədi. İndi isə İranın özündə hakimiyyətin təhvil verilmə prosesi gedir. Mollaların özləri belə bir durumdadırlar ki, haradansa hücumlar gözləyirlər. Bu hücumların qarşısını almaqdan ötrü ikinci bir münaqişə dövlətinin olmasını planlaşdırıblar. Onun vasitəsilə də dünyaya təsir etmək istəyirlər. Əgər mollalar Azırbaycanda münaqişə ocağı yarada bilərlərsə həm İsrailin İrana təsiri gücünü azalda, həm də Güney Azərbaycanda gedən milli azadlıq hərəkatını neytrallaşdıra bilərlər. Bu zaman ABŞ-ın da İrana təsir gücü o qədər olmayacaq. Amma Azərbaycan güclənərsə, seçkilər demokratik və maneəsiz keçirilərsə onda Güney Azərbaycan hərəkatı genişlənər və dövlətlərin İrana qarşı təzyiqləri güclənər, Bu zaman İranda hakimiyyətin təhvil verilməsi prosesi də asanlıqla həyata kecə bilər. İran isə bu hədəfdən yayınmaq üçün mütləq radikal addımları planlaşdırıb. İsrail və Azərbaycana qarşı. Ən real təhlükəni İrandan Azərbaycan gözləyir. Ona görə də Azərbaycanda həm iqtidar, həm də müxalifət bu məsələni daim diqqətdə saxlamalıdır. Bütün məsələləri, inciklikləri kənara qoyub İran məsələsi gündəmə çıxarsa buna qarşı birgə mübarizə aparlmalıdır. Çünki İranın planı Azərbaycan dövlətinə, azərbaycançılığa yönəlib. Bu yönəlmədə Rusiya və Ermənistan kəşfiyyatının da iştirakı istisna edilməyəcək. Məqsəd Azərbaycanı parçalamaq və milli münaqişələr törətməkdir. Xatırlayırsızsa, Biqdeli adlı İranın Azərbaycandakı səfiri vardı. O, Azərbaycanı tərk etməzdən öncə belə bir ifadə işlətdi ki, Azərbaycan İranın daxili işinə qarışmasın və unutmasın ki, Azərbaycanın özündə də etnik problemlər var. O, bu sözü deyəndə artıq bizim məlumatımız var idi ki, İran Azərbaycanın azsaylı xalqları arasında da təxribatçı qüvvələr hazırlayırdı. Digər vətəndaşlarımız kimi onları da İrana aparıb dini-siyasi təcrübədən keçirmişlər. Belə olmasaydı səfir arxayınlıqla bu fikri söyləməzdi. İndi artıq həmin qüvvələr Azərbaycana göndəriliblər. Həbsdə olan İslam Partiyasınını sədri, Nardarandakıların böyük qismi, Azərbaycanda ortaya çıxan yeni hacıların əksəriyyətinin İranla bağlantısı var. Hətta bu hacılar İran əbaları ilə Azərbaycana daxil olublar. Onu da deyim ki, talışların əli ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin əleyhinə kampaniya da aparılır. Yəni bu qurumun ləğvinə çalışır İran. Hansı ki, İran buradakı adamlarına ayətullah titulları verəcək, onlara tapşırılacaq ki, bu qurumun ləğvinə fətva versinlər. Guya şeyx kafirlərlə oturub-dururf və sırf şiəçilik prinsipinə xidmət etmir. Artıq buna qarşı təxribatlara başlayıblar. İranın “Səhər” kanalında Azərbaycan vətəndaşı olan İranda məskunlaşan talışlar şeyxin ünvanına və rəhbərlik etdiyi qurumu aşağılayan fikirlər söyləyirlər. Mən Azərbaycanın təhlükəsizlik orqanlarına müraciət edirəm ki, İran səfirliyinə bağlı olan qüvvələr mütləq nəzarətə götürülməlidir. Onlar zərərsizləşdirilməli, ya da ölkədən çıxarılmalıdır. Bilirsiz ki, Azərbaycan sərhədlə bağlı qərar qəbul etdi. Bu təsadüfi deyildir. Sərhəddə gediş-gəliş bir az asanlaşan kimi Azərbaycana İran casusları keçir. Həmin casuslar da burada təxribat törədəcək qüvvələri kontrol edə bilərlər. İraqda, Livandakı belə qüvvələr arasında iarnlılar az deyil.

- İran səfirliyinin Mədəniyyət Mərkəzini xüsusi xidmət orqanlarıyla bağlayırlar…

- İran teokratik, yəni dini dəyərlərlə idarə olunan dövlətdir. Bu dövlətin başında dini rəhbər dayanır, ona da prezident, parlament, ədliyyə tabedir. Dini rəhbər xalq tərəfindən seçilmir. İranda 92 ayətullah var ki, guya xalq tərəfindən seçilirlər, onlar da dini rəhbəri təyin edirlər. Hər bir ölkədə dini rəhbər strukturunun bir nümayəndəsi var. O nümayəndə səfirdən yüksək məqamda dayanır. Amma xarici dövlətlər dini struktur rəhbərini qəbul etmədiyi üçün İran xarici dövlətlərdə səfirlik açır. Səfirliyin nəzdində də mədəniyyət mərkəzləri. Azərbaycanda Ocaqnecat bu mərkəzin rəhbəridir. Bu şəxs İranın ali din rəhbərinin Azərbaycandakı nümayəndəsi sayılır. Bu adamlara “İmam zaman əsgərləri” deyilir. Yəni qeybə çəkilən imamın görünməz əsgərləri. Onların səlahiyyətləri genişdir. Səfir bu nümayəndələrin yanında heç nədir. Azərbaycanda yerləşən İran diplomatları bağlıdır Mədəniyyət Mərkəzinə, onların fəaliyyətini koordinator edən isə İran təhlükəsizlik idarəsinin nümayəndələridir. Həmin şəxslər eyni zamanda da İranda təhsil alıb vətənə dönən şəxslərə koordinatorluq edirlər. Bu mərkəzin nəzdində də “Mənəvi saflıq” qrupu var. Orada Azərbaycanın müxtəlif bölgələrdən insanlar cəlb olunublar. Bu qrupun üzvləri siğə məsələsini gündəmə gətirirlər, intim münasibətləri dini cəhətlərlə uyğunlaşmasını müzakirə edirlər. Bu tip qrumların hamısı Mədəniyyət Mərkəzindən maliyyələşir. Deyək ki, 20 belə qurum varsa orada ən azı 1000 adam çalışır ki, onlar da maaş alırlar. Bəs Mədəniyyət Mərkəzinə bu vəsait haradan daxil olur ki, Azərbaycan orqanlarının bundan xəbəri olmur. İran tacirləri ki, Azərbaycana mal gətirilər, onlar həm vergidən yayınırlar, həm də ölkədən pulu çıxarmırlar. Biznesdən əldə etdikləri pulun hamısını İran Mədəniyyət Mərkəzinə təqdim edirlər. Mədəniyyət Mərkəzi də onlara çek verir ki, gedib pullarını Tehrandan alsınlar. Bu pul həm də Gürcüstan azərbaycanlılarına da xərclənir ki, BTC-yə təhlükə yaradılsın.

Qısa URL: http://avrasiya.net/?p=10605
762 dəfə oxunub

Hiç yorum yok: