9/28/2009

Əslən Güney Azərbaycandan olan və hazırda Kanadada yaşayan Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (AzSAM) rəhbəri Aslan Isabeyli bir neçə gündür


Aslan Isabeyli: "İndi Kanadada erməniləri "xristianlığın qara ləkəsi" sayanlar artır"

Əslən Güney Azərbaycandan olan və hazırda Kanadada yaşayan Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (AzSAM) rəhbəri Aslan Isabeyli bir neçə gündür Bakıya gəlib. Qeyd edək ki, A.Isabeyli 12 ilə yaxın Azərbaycanda yaşayıb və 2004-cü ildən Kanadaya mühacirət edib. Onunla görüşümüzdə ilk sualımız hazırda Kanadadakı fəaliyyəti ilə bağlı oldu:

- Mən Bakıdan gedəndən sonra orada ingilis dilini öyrənməyə başladım. Həmin vaxt ingilis dili müəlliminin vasitəsilə bir millət vəkili ilə tanış oldum. O deputat Yeni Demokratlar Partiyasının (NDP) Kanada parlamentindəki təmsilçilərindən idi. Məni partiyanın sədri ilə görüşə dəvət etdi. Bu partiyanın sədri ilə geniş müzakirələrimizdən sonra onlar məni partiyaya cəlb etdilər. Və məni partiyanın Britş Kolumbiyadakı Yaxın Şərq və Qafqaz üzrə masanın başçısı təyin etdilər.


- O zaman Kanada vətəndaşlığını qəbul etmişdinizmi?
- Partiyaya üzv olarkən Kanada vətəndaşlığı üçün müraciət etmişdim. Kanadada mühacirin vətəndaşlıq alması üçün 3 il tamam olmalıdır. Amma mən 2 ildən sonra müraciət etmişdim deyə, mənə daha tez verdilər. Mən düşünürəm ki, xaricdə yaşayan hər bir azərbaycanlı öz milli kimliyini və dövlətini tanıtmaq, təmsil etmək üçün yaşadığı ölkələrdə ictimai-siyasi proseslərə nüfuz etməlidir. Bu halda, həmin insanların təsir imkanları hər hansı səfirin imkanlarından daha geniş olur. Ona görə mən sevinirəm ki, bir azərbaycanlı olaraq Kanadanın əsas partiyalarından birinin rəhbərliyində təmsil olunuram. Bizlər xarici ölkələrdə siyasi partiyalara qoşulmaqla, gələcəkdə həmin ölkələrin parlamentlərinə düşmək imkanı əldə edə bilərik. Bu gün mənim üzvü olduğum NDP-nin parlamentdə 28 deputatı var. Gələcəkdə bu 28 deputat vasitəsilə biz bir çox işlər görə bilərik.
- Məsələn, nə edə bilərsiniz?
- Yəqin ki, xəbəriniz var, ermənilər Kanadada "soyqırım" məsələsini parlamentin aşağı palatasında qəbul etdirdilər. Əgər məndən öncə də Kanadada yaşayan azərbaycanlılar, türklər bu işlərə qarşı fəaliyyət göstərsəydilər, düşünürəm ki, biz daha böyuk uğurlar əldə edə bilərdik. Və bu uğuru biz özümüzə körpü sayardıq. Amma düşünürəm ki, hələ yenə də gec deyil. Biz bu işi başlamışıq. İnanıram ki, bu şansdan istifadə edəcəyik.
- Kanada okeanın o tayında olduğuna görə, həm quzey, həm də güney Azərbaycandan mühacirətə gedənlər əsasən Avropaya üz tuturlar. Və hazırda bu məkanlarda çoxsaylı soydaşlarımız yaşayır. Bəs, Kanadada nə qədər soydaşımız var?
- Bildiyimə görə, hazırda Kanadada 15 min Güney Azərbaycandan olan soydaşımız var. Amma Quzey Azərbaycandan çox deyil. Bəlkə də, minə çıxmaz, haradasa bir neçə yüz ola bilər. Birincisi, okeanın o tayına gedib çıxmaq çox çətindir. Amma belə böyük dövlətlərə gedib çıxanlar da böyük şanslara malikdirlər. Burada Azərbaycanın tanınması ilə bağlı problem ondan ibarət idi ki, bizdən əvvəl Kanadaya gedənlərin 99 faizi İranda Xomeyni hakimiyyətə gələndən sonra milli mənsubiyyətə görə yox, "şahçı" damğası ilə ölkəni tərk ediblər. Onların özü və övladları Azərbaycan haqda çox az informasiyaya malikdirlər. Amma Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra görünür ki, onların da düşüncəsində müəyyən dəyişikliklər olub. Xüsusilə o dövlətlərdə elektron media, internet çox güclü inkişaf etdiyindən, bütün evlərdə internet var. Ona görə indi Azərbaycan haqda daha çox informasiya almaq imkanları var. Bu insanlar milli məsələyə üzdə o qədər fəal qoşulmasalar da, özlərindən asılı olmayaraq, onlarda azərbaycançılıq şüuraltı təzahür etməyə başlayır. Bilirsiniz, onilliklərlə bizim müstəqil dövlətimizin olmasına imkan verməyiblər. Ona görə də, bu insanlar Azərbaycanı tanımayıblar. Biz orada görüşdüyümüz bütün soydaşlarımıza xahiş edirik ki, Kanadanın ictimai-siyasi həyatında yaxından iştirak edin, gəlin partiyalara üzv olun. Biz də dəstək verək, səviyyəli soydaşlarımızdan biri Kanada parlamentində Azərbaycanı təmsil etsin. Mən hətta deyərdim ki, xaricdəki soydaşlarımız diaspor təşkilatları yaratmaqdan daha çox, yaşadıqları ölkələrin siyasi partiyalarında fəal üzvlərə çevrilməklə Azərbaycan üçün daha çox işlər görə bilərlər. Çünki, bu partiyaların vasitəsilə problemlərimizin dünya parlamentlərində qaldırılmasına nail ola bilərik.
- Kanadada digər türkdilli diaspor təşkilatları ilə azərbaycanlıların əlaqələr hansı səviyyədədir?
- Mən düşünürəm ki, əlaqələr çox yaxşıdır. Məsələn, oradakı Türkiyə Diaspor Mərkəzinin televiziyasında Azərbaycan haqda gözəl verilişlər verirlər. Məsələn, mən Kanadada kilsədə Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçirmişdim, onu işıqlandırmışdılar. Bu anım mərasimini kilsədə keçirməkdə məqsədim bu idi ki, ingilislər başa düşsünlər ki, sizin dindaşlarınız olan ermənilər xristianlıqdan sui-istifadə edirlər. Siz onlara inanmayın, azərbaycanlılar xristianlara qarşı heç zaman mənfi mövqedə olmayıblar. Azərbaycanda xristianlar yaşayır, onların kilsələri var. Ermənilərsə müsəlman dövləti olan İranın və Rusiyanın himayəsi altındadırlar. Hansısa Kanada deputatı Ermənistanın müdafiəsinə qalxırsa, demək İranın və Rusiyanın kəşfiyyatına işləmiş olurlar. Çünki İran istəyir ki, Ermənistan hər zaman ayaq üstə dayansın və Azərbaycana qarşı güc göstərsin. Apardığımız belə təbliğati işlər bəzən nəticəsini verir və müəyyən Kanada siyasətçiləri ermənilərə göstərdikləri xoş münasibətdən geri çəkilirlər. Kilsədə biz Xocalını anım mərasimi keçirəndə orada bir şüara xüsusi yer ayrılmışdı: "Ermənilər xristianlığın qara ləkəsidir". Xristianlar da deyirdilər ki, biz bu qara ləkədən xilas olmalıyıq.

Aqil CAMAL

Hiç yorum yok: