9/02/2012

İran Ermənistanın HHM sistemlərini alıb öz ərazisində quraşdırır


ABŞ başda olmaqla, Qərb dövlətləri isə Ermənistanla İran arasında bu əməkdaşlıq barədə susur, Ermənistana qarşı hər hansı addım atmırlar
Artıq uzun müddətdir ki, İranla başda ABŞ olmaqla Qərb dünyası arasında münasibətlər kəskinləşib. İranın nüvə silahı əldə etmək üçün mərkəzlər inşa etdirməsi, uranı zənginləşdirməsi və əlbəttə ki, sürətlə silahlanması Qərb ölkələrini Tehrana qarşı konkret əməli təbirlərin görülməsinə sövq edib. Bunun nəticəsində isə, BMT, eləcə də, bəzi dövlətlər səviyyəsində İrana qarşı iqtisadi, maliyyə və hərbi sahələrdə embarqolar tətbiq edilib, sanksiyalar qəbul olunub.

Beynəlxalq hüquqla tənzimlənən bu sanksiyaların yerinə yetirilməsi üçün isə hər bir dövlətin öhdəlikləri var. Əgər BMT səviyyəsində hansısa ölkəyə qarşı sanksiya qəbul edilirsə, digər dövlətlər də həmin qətnaməyə uyğun olaraq, tədbirlərini almalıdır. Amma görünür beynəlxalq hüquq normaları nə İran, nə də ki, işğalçı Ermənistan üçün hər hansı bir əhəmiyyət kəsb etmir.

Qeyd edək ki, hazırda İrana Hava Hücumundan Müdafiə (HHM) və başqa müdafiə xarakterli silahların satışına sanksiyalar tətbiq edilib. Lakin son məlumatlara görə, bu yaxınlarda NATO-nun zərbələrinə məruz qalacağına əmin olan İran Ermənistanın Hava Hücumundan Müdafiə sistemlərini yüksək qiymətə alıb və artıq öz ərazisinə ötürür. Məlumata görə, son günlər Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərindən İrana yüklərin daşınması da intensivləşib. İranla həmsərhəd olan işğal altındakı ərazilərimizdən iritonnajli maşınlar kolonlar şəklində İran ərazisinə doğru hərəkət edirlər. Eyni proses daha intensiv şəkildə Ermənistan-İran sərhədində də müşahidə olunmaqdadır. Daşınan yüklər Ermənistan ərazisində mövcud olan HHM sistemlərinin hissələridir. 80 ədəd HHM sistemi Ermənistan və Dağlıq Qarabağ ərazisində Azərbaycana qarşı quraşdırılıb və işlək vəziyyətdədirlər. İndi həmin HHM-lər demontaj edilir və İrana daşınır. İran prezidenti Əhmədinejatın İrəvana həyata keçirilən səfərinin əsas məqsədi də bu məsələ ilə bağlıdır.
Amma maraqlıdır ki, ABŞ başda olmaqla, Qərb dövlətləri Ermənistanla İran arasında bu əməkdaşlıq barədə susur, Ermənistana qarşı hər hansı addım atmırlar.
Əslində, İranla Ermənistanın bu cür regional və qlobal təhlükəsizliyə ciddi təhdid olan sövdələşməsi sonradan qarşısıalınmaz fəlakətlərə yol aça bilər. Çünki, Ermənistandan müdafiə sistemləri alan İran bunun əvəzində Azərbaycana qarşı hansısa təxribat işlərində işğalçı Ermənistana yardım etmək öhdəliyi götürə bilər.
Bir sıra xarici ekspertlərin fikrincə, Ermənistanın sosial-iqtisadi vəziyyətinin sabitləşməsinə yardım ayıran İran Dağlıq Qarabağ münaqişəsinin həllolunmaz vəziyyətdə saxlanılmasına çalışır, hətta, onun yenidən alovlanmasına da can atır.
Bir sözlə, görünən odur ki, İranla Ermənistanın silah alveri bütövlükdə təhdid xarakteri daşıyır. Ona görə də, beynəlxalq birlik tez bir zamanda bu məsələyə münasibətini bildirməli, lazımi qərarları verməlidir.
http://www.yeniazerbaycan.com/news/15032.html

Hiç yorum yok: