"İran elitasına Güney Azərbaycanın ayrılmasına faciə kimi baxmayanlar da, gec-tez bu prosesin reallaşacağını qəbul edənlər də var"
İraqda baş verən hadisələr dünyanın diqqət mərkəzindədir. Sünnilərlə şiələr arasında növbəti qarşıdurma əvvəlkilərə nisbətən daha irimiqyaslı xarakter alıb. Qarşıdurmada daha çox zərbə alan tərəfin şiələrin lider təşkilatı olan "Mehdi Ordusu"nun olması siyasi ekspertlərdə "ABŞ İranı İraqdan sıxışdırır" fikrini yaradıb. Kanadada yaşayan güneyli mühacir, Azərbaycan Strateji Araşdırma Mərkəzinin rəhbəri, politoloq Aslan Xalidiyə görə, baş verənlər göstərir ki, ABŞ maliyyələşdirdiyi terrorçu təşkilatların əlilə sülhyaratma prosesinə mane olan İranın İraqdan çıxarılmasına qərar verib və bu proses payıza doğru daha da intensivləşəcək.
- Ötən ilin sonlarında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yaydığı "İran nüvə proqramını 2003-cü ildə dayandırıb" məlumatı bəzilərində belə bir təəssürat yaratmışdı ki, Amerika Yaxın Şərqdə demokratikləşdirmə prosesindən geri çəkilir və yaxın vaxtlarda da İraqdan çıxacaq. İran hakimiyyət ideoloqları hətta sırf İran ictimai fikrinə hesablanmış belə bir bəyanatlar səsləndirdilər ki, baxın, ABŞ bizdən qorxur, qabağımızdan qaçır. Əslində isə bu məlumat İran hakimiyyətinin qorxaqlığını üzə çıxarırdı. Beləki, İran rəhbərləri daim bu fikri vurğulamışdılar ki, İran Amerikadan, Qərbdən qorxmur və nüvə proqramını sonadək davam etdirəcək. Belə çıxırdı ki, Səddam Hüseynin taleyindən ibrət götürən və canından qorxan molla hakimiyyəti nüvə proqramı məsələsində sözdə dedikləri kimi cürətli deyillər.
ABŞ-ın İraqda apardığı əməliyyatları yarıda saxlayıb geri çəkiləcəyi, İranın nüvə proqramı ilə bağlı məsələdə öz mövqeyindən çəkiləcəyini iddia etmək inandırıcı deyildi. Çünki hakimiyyətdə kimin olmasından asılı olmayaraq ABŞ-ın əlli ilə, bəlkə də yüz ilə hesablanmış strateji hədəfləri var və bütün iqtidarlar bu proqramı həyata keçirməyə çalışır. Bir ara Corc Buş hökuməti İraqdakı itkilərə görə möhkəm tənqid olunurdu. Bu kimi tənqidlər bəzilərini belə bir qənaətə gətirirdi ki, tənqid olunan əslində Buş deyil, ABŞ-ın siyasətidir. Yəni Amerika ictimaiyyəti hökuməti yanlış siyasəti dayandırmağa çağırır. Əslində isə belə deyildi. Buşun tənqid olunması sırf seçki öncəsi piar məsələsi idi. Amerika cəmiyyəti kifayət qədər yetkindir və ölkənin maraqlarını və təhlükəsizlik məsələlərini yaxşı anlayır. Amerika ictimaiyyəti yaxşı anlayır ki, Yaxın Şərqdə terrorun kökünün kəsilməsi, İraqda, ondan öncə Əfqanıstanda aparılan hərbi əməliyyatlar Amerikanın və bütövlükdə bəşəriyyətin təhlükəsizliyinə xidmət edən məsələdir. ABŞ-ın milli təhlükəsizliyi tələb edir ki, İraqda demokratiya quruculuğu davam etdirilsin, Yaxın Şərqdə sülhə və təhlükəsizliyə təhlükə yaradan terrorçu təşkilatlar sıradan çıxarılsın. İraqda fəaliyyət göstərən "Mehdi Ordusu" məhz belə qüvvələrdəndir. ABŞ-da dəqiq bilirlər ki, İranın əsl gücü nə SEPAH-da, nə "Bəsic"də, nə İslam Keşikçilərində deyil, "Həmas", "Hizbullah" kimi terror təşkilatlarında, "Mehdi Ordusu" kimi radikal qruplaşmalardadır. Ona görə də ABŞ birinci növbədə bu qüvvələri sıradan çıxarmaq xəttini tutub. Müqtəda əs-Sədrin rəhbərlik etdiyi radikal qrupa qarşı saldırların arxasında çox güman ki, Yaxın Şərqdə, İraqda sülhün və sabitliyin bərpasını istəyən ABŞ dayanır.
Türkiyəni narazı salırdı. Türk diplomatiyasının uzun çabalarından sonra nəhayət, Qərb son 20 ildə on minlərlə türk vətəndaşını qətlə yetirmiş PKK-nı terrorçu təşkilat kimi qəbul etdi və onun ləğv edilməsi əməliyyatlarına razılıq verdi. ABŞ da PKK-nı terrorçu təşkilat olduğunu bəyan etdi. Əslində İraqda ağır vəziyyətə düşdüyündən ABŞ Türkiyənin PKK-ya qarşı antiterror əməliyyatlarına göz yumdu. Amerika diplomatiyası bununla həm də İranın vəziyyətdən yararlanaraq Türkiyəyə yaxınlaşmasının qarşısını almış oldu.
- İranda keçirilən son parlament seçkilərində prezident Mahmud Əhmədinejadın tərəfdarları olan qatı mühafizəkarlar qələbə çaldı. Bundan sonra islahatçılar adlanan qrupun taleyi necə olacaqğ Mühafizəkarlar İranı hansı istiqamətə aparacaqlar?
- İran hakimiyyəti, belə desək, dərin dövləti Qərbə görüntü yaratmaq üçün "islahatçı" qanadı ortaya atmışdı. Guya ki, bu ölkə də dini rəhbərliyin əmrindən çıxmayan mühafizəkarlarla yanaşı, əks fikirli islahatçılar da var. Hətta onların nümayəndəsi Xatəmi prezident də seçdirildi. Amma bütün bunlar İran totalitarizmini təhdid edən demokratiyanı yayındırmaq, Qərb dünyasını aldatmaq məqsədi güdürdü. Bu qanadın varlığını qabardan fars şovinist dairələri öz milli haqqlarını almaq üçün mübarizəyə qalxmış qeyri-fars millətlərinin başını qatmaq, onlarda "ədalətli hakimiyyətə" inam yaratmaq istəyirdilər. Nə Xatəmi, nə də onun mənsub olduğu cərəyan heç bir zaman İrana demokratiya, haqqı tapdalanan qeyri-fars millətlərinə azadlıq istəməyiblər, hətta bunun əleyhinə olublar. Xatəmi islahatçı olsaydı, hakimiyyətdə olduğu illərdə heç olmasa, lider hesab etdikləri Xomeyninin qəbul etdiyi Konstitusiyaya əməl edər, qeyri-fars millətlərinin təhsil hüququnu tanıyardılar.
- Qərbdə bölgədə sülhə və sabitliyə təhlükə yaradan İran hakimiyyətinin gələcək aqibəti barədə nə düşünürlərğ Molla rejiminin insan hüquqlarını kəskin şəkildə tapdalaması, qeyri-fars millətlərini əsarət altında saxlamasına nə vaxta qədər göz yumulacaq?
- Əslində Qərb İran hakimiyyətinin öz xalqına, öz vətəndaşlarına qarşı etdiyi pisliklərə göz yummur. Nüfuzlu beynəlxalq təşkilatların bütün hesabatlarında İran hakimiyyətinin əməlləri pislənir. Amma son hadisələr göstərir ki, bölgədə sülhə təhlükə yaradan terrorçu təşkilatların arxasında duran, nüvə silahı istehsal etmək istəyən və nüvə başlıqları ilə bəşəriyyəti təhdid edən İrana qarşı hərbi əməliyyatlar gündəlikdə yoxdur. Böyük ehtimalla, ABŞ və İranda bütün xalqların hüquqlarına sayğı ilə yanaşan demokratik rejim görmək istəyən digər Qərb dairələri İranın içəridən çökməsini istəyirlər. Məndə olan məlumatlara görə, Qərb institutları İranın təqribən SSRİ və Yuqoslaviya kimi içdən parçalanmasını istəyirlər. Əlində fanatik terrorçu qruplar olan İran rejiminin silah gücünə, hərbi əməliyyatlarla sıradan çıxarılması təhlükəli yol olardı. Qərbdə bunu bilir və ehtiyatlı davranırlar. Məndə olan məlumatlara görə, bundan sonra əsas diqqət sanksiyaların tətbiqi ilə paralel olaraq İranda qeyri fars millətlərinin öz haqqları uğrunda mübarizəsinə dəstəyə yönəldiləcək. Bu prosesə elə böyük çaba sərf etmək də lazım deyil. Onsuz da qeyri-fars millətləri ayaqdadır və onların böyük qiyamına qığılcım lazımdır. Güneydən gələn xəbərlərdən belə nəticə çıxır ki, Milli Hərəkatın növbəti dalğası yetişmək üzrədir. Bəllidir ki, İranda qeyri-fars millətləri dedikdə birinci növbədə ağla gələn ölkə əhalisinin yarıdan çoxunu təşkil edən Azərbaycan türkləridir. Ən güclü hərəkat da Azərbaycan türklərinə məxsusdur. Azərbaycan türkləri artıq təşkilatlanıb, güclü ideoloji silaha malikdir və panfarsizmi tarixini arxivinə atacaq yeganə gücdür. Baş verən proseslər göstərir ki, İran parçalanma ərəfəsindədir. Yaxın zamanlarda panfarsizmi sarsıdan böyük hərəkat başlanacaq. Azərbaycan türkləri üçün olduqca həssas bir dönəm başlayır.
- İranın sabiq xarici işlər naziri Vilayətinin maraqlı açıqlaması yayılıb. Sabiq nazir hələ 13 il əvvəl bildiribmiş ki, Güney Azərbaycan İrandan ayrılacaq.
- İran elitasında Güney Azərbaycanın ayrılmasına faciə kimi baxmayanlar da, gec-tez bu prosesin reallaşacağını qəbul edənlər də var. Hakim elita içərisində "İranın əsas sərvəti neftdir, o da ölkənin cənubundadır. Aqrar sahənin inkişaf etdiyi, sənayenin geri qaldığı Azərbaycan vilayətlərinin qopması ilə İran nə itircək ki" deyə düşünənlər var. Hətta belə təkliflər də olub ki, Güney Azərbaycan adına yalnız Şərqi Azərbaycan güzəştə gedilsin, yerdə qalan ərazilər, qədim türk torpaqları isə İranda saxlansın. Amma Güney Azərbaycan türkləri buna getməməli, tarixi torpaqlarımızın hamısını fars şovinizminin əsarətindən qurtarmağa çalışmalıdır. Azərbaycan türkləri heç zaman farsların özününküləşdirməyə çalışdıqları Qəzvindən, Həmədandan, hətta Qacarların türk torpaqlarından saldıqları Tehrandan, kürdləşdirmək istədikləri Urmiyadan vaz keçə bilməzlər. Güney Azərbaycan farsların bəd ayaqda bizə təklif etməyə hazır olduqları tək Təbriz və ətraf ərazilərdən ibarət deyil. Güney Azərbaycan 450 min kvadratkilometrdən artıq ərazisi olan böyük bir ərazidir. 50 milyonluq Azərbaycan türkləri ona yabançılar tərəfindən yanlış xəritə cızılmasına imkan verməməlidir. Arazdan Kəngər körfəzinə qədər Güney Azərbaycan əraziləridir və biz öz tarixi torpaqlarımızı kimlərəsə güzəştə getməməli, kimlərinsə maraqlarına qurban verməməliyik. Borçalı, Göyçə, Zəngəzur dərslərini unutmamalı, Quzeydə buraxdığımız xətaları Güneydə təkrar etməməliyik.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
"Mehdi Ordusu"nu ABŞ vurdurur?
Aslan Xalidi: "İraqda İrana bağlı qüvvələrin sıxışdırırılması təsadüfi deyil"
İraqda vətəndaş müharibəsi səngimir. Sünnilərin şiələrin mövqelərinə zərbələr endirməsi birmənalı qarşılanmır. Siyasi ekspertlər hesab edir ki, Müqtəda əs-Sədrin rəhbərlik etdiyi "Mehdi Ordusu" şiə qruplaşmasının vurulması ABŞ-ın siyasi sifarişidir. Amerika bununla İraqda sabitlik yaratma siyasətinin ikinci mərhələsinə başlayır və əsas hədəf İrandan yardım alan qüvvələrdir. Kanadada yaşayan güneyli politoloq, Azərbaycan Strateji Araşdırma Mərkəzinin rəhbəri Aslan Xalidi "OLAYLAR"a açıqlamasında deyib ki, "Mehdi Ordusu"na zərbələr endirilməsi təsadüfi deyil: "Hamıya bəllidir ki, Müqtəda əs-Sədr və onun başçılıq etdiyi "Mehdi Ordusu" İrandan təlimat alır. İran ABŞ-ın İraqda möhkəmlənməsini istəmədiyi üçün İraq şiələrindən və bu cameənin liderləri Sistani və Sədrdən istifadə edir. Sünnilərin əs-Sədrin qüvvələrinə qarşı əməlliyyatları İraqda siyasi sabitlik yaratma siyasətinin növbəti mərhələsidir".
Yorumlar
Yorum Gönder