Molla rejiminin bu siyasəti İslamın gözdən salınmasına, müsəlmanların qınaq obyektinə çevrilməsinə, İsrail və erməni maraqlarına xidmət edir
İran prezidenti Mahmud Əhmədinejatın Ermənistana səfər etməsi müsəlmanlar arasında, xüsusilə də, Azərbaycanda böyük etirazla qarşılanıb. Çünki, iki əsrə yaxın bir müddət ərzində müsəlmanları qətlə yetirən, soyqırımına məruz qoyan ermənilərin əlini sıxmaq və onları bağrına basmaq qəbuledilməz haldır. Lakin görünür hər addım başında İslam dəyərlərindən dəm vuran, dindarların hüquqlarını “müdafiə edən” İran üçün müsəlmanların düşmənlərilə əməkdaşlıq etmək adi hala çevrilib. Onsuz da, Azərbaycan ictimaiyyəti İranın dəfələrlə bu cür xəyanətkar addımlar atmasının şahidi olub. Müsəlmanların qatili olan Ermənistanın küncə sıxışdırıldığı, regional layihələrdən kənarda saxlanıldığı bir zamanda İran ermənilərə qardaş deyərək, onları böhranlı durumdan xilas edib. Hər dəfə də Ermənistana səfər edərkən iranlı rəsmilər “fars-erməni qardaşlığından”, Ermənistanla İranı “əbədi bağlayan dəyərlərdən” ağızdolusu danışıblar.
Həqiqət ondan ibarətdir ki, İran işğalçı Ermənistanla yaxın əlaqələri inkişaf etdirir, bu ölkənin çökməkdə olan iqtisadiyyatına sərmayə qoyur, Ermənistanın xilaskarı missiyasını davam etdirir. Hazırda İranla Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 300 milyon manata çatıb və bu rəqəmin 1 milyard dollara çatdırılması hədəf götürülüb. Bunlarla yanaşı, hazırda İranla Ermənistan arasında müsəlmanların qatili olan ölkə üçün mühüm əhəmiyyət kəsb edən 4 layihə icra olunur. Onların sırasında İran-Ermənistan neft terminalının, dəmiryolunun, yüksəkgərginlikli elektrik xətlərinin və Araz elektrik stansiyasının tikintisi də var.
Halbuki, özünü dünyada müsəlmanların təəssübkeşi adlandıran İran erməniləri bağrına basmaq əvəzinə Ermənistandan Xocalı soyqırımının, işğal olunmuş Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan edilməsinin, minlərlə şiə-müsəlmanlarının qətlə yetirilməsinin haqq-hesabını sormalıdır. Əgər bunu etmirsə, onda İran hansı haqla özünü müsəlmanların təəssübkeşi adlandırır və ya dindarların “hüquqlarını müdafiə” etmək bəhanəsilə başqa ölkələrin, xüsusilə də, Azərbaycanın daxili işlərinə qarışır?
Bu gün hər kəsə bəllidir ki, İranın ruhani rəhbərliyi, ayətullalar, mollalar Azərbaycana qarşı kəskin bəyanatlarla çıxış edir, Azərbaycanın daxili işlərinə qarışır, ölkəmizdə sabit dini durumu gərginləşdirməyə çalışırlar. Eyni zamanda, başqa ölkələrin ərazilərindəki etnik qrupların haqlarının qorunmasını tələb edən İranda yaşayan azərbaycanlıların hüquqları kobud şəkildə pozulur, onların öz dilində təhsil almasına imkan verilmir, etiraz edənlər isə qəddarcasına cəzalandırılırlar. Elə gün olmur ki, İranda azərbaycanlıların həbs olunması, həbsxanalarda öldürülməsi, edam edilməsi xəbəri yayılmasın. Lakin İranda yaşayan ermənilərin hüquqları qorunur, onların bütün ehtiyaclarının ödənilməsində dövlət səviyyəsində dəstək göstərilir. Bu cür faktları Azərbaycan cəmiyyəti görür və İranın müsəlmanlara qarşı qərəzli, qeyri-səmimi münasibətinə necə reaksiya verməsin.
Əslində, İran həqiqi İslam ölkəsi kimi dinimizin müqəddəs dəyərlərindən irəli gələn humanistlik, qardaşlıq və mehribançılıq prinsiplərinin cəmləşdiyi harmonik atmosfer yaratmalıdır ki, oradakı bütün etnoslar bərabər hüquq və imkan şəraitində yaşasın. Lakin, bunun əvəzində molla rejimi müsəlmanları sıxışdırır, həbs və edam etdirir, xristian erməniləri isə müdafiə edir. Budur İranın molla rejiminin müsəlmanlara və onların qanına susamış erməni cəlladlarına münasibəti. Azərbaycanda dini qarşıdurma yaratmaq cəhdləri, Ermənistanla əlaqələri daha da intensivləşdirməsi İran rəhbərliyinin əsl niyyətini və simasını açıq göstərir. Molla rejiminin bu siyasəti isə İslamın gözdən salınmasına, müsəlmanların qınaq obyektinə çevrilməsinə, İsrail və erməni maraqlarına xidmət edir.
Ramil VƏLİBƏYOV
http://www.yeniazerbaycan.com/news/15031.html
Yorumlar
Yorum Gönder