“Stratfor” Analitik Mərkəzinin direktoru Corc Fridman “Forbes” jurnalında məqalə ilə çıxış edib: “Azərbaycan Rusiya və İranın boğazında sümükdür”
ABŞ-ın “Stratfor” Araşdırmalar Mərkəzi Corc Fridmanın “Geosiyasi səyahət: Azərbaycan və Amerika” yazısını dərc edib. 2008-ci ildən bəri Azərbaycana dəfələrlə səfər etmiş müəllif yazır ki, Azərbaycan 3 böyük gücün - Rusiya, İran və Türkiyənin qarşılaşdığı yerdir. Onun fikrincə, Azərbaycan çox təhlükəli yerdə yerləşir.
Fridman yazır ki, Azərbaycana özünün “Növbəti 100 il” kitabını nəşr etdirərkən gəlirdi. Bu kitabda Azərbaycan yeni yaranan qlobal sistemdə mühüm yer kimi qiymətləndirilir. Fridmanın sözlərinə görə, o öz nəzəriyyəsini yoxlamaq üçün Azərbaycana gedirdi. Hər Bakıya gedəndə bir məsələni heç vaxt unutmurdu: vaxtilə Hitler hər riskə gedirdi, təki Bakını tutsun.
Fridman yazır: “Amerikada Azərbaycanı tanıyan azdır. Azərbaycanlıların fikrincə isə Amerika onları unudur”. Fridman Azərbaycanda izah etməyə çalışıb ki, ölkələrin dostları olmur, onların maraqları olur. Elə bu baxımdan da, müəllifin fikrincə, Azərbaycanla birgə işləmək məhz ABŞ-ın marağında olmalı məsələdir.
Fridmanın “Növbəti 100 il” kitabı nə haqdadır? O bu kitabında proqnoz verir ki, növbəti 100 ildə Avropa İttifaqı əhəmiyyətli dərəcədə zəifləyəcək, Rusiyanın nisbi gücü artacaq. Avropanın zəifləməsi Rusiyanın daha güclü olması deməkdir. Rusiyanın güclənməsini onunla sərhəddə olanlar - Polşadan tutmuş Türkiyəyəcən, Azərbaycanacan hamı hiss edəcək. Fridman kitabında yazır ki, başı, islam dünyasında müharibələrə qarışan ABŞ bu gələcək mümkün proseslərdən narahat olmalıdır.
Fridmanın ehtimalına görə, ABŞ dünyada aparıcı rolunu saxlayacaq. Həm iqtisadi, həm də hərbi gücünə görə. Ancaq bu gücün qarşılığının olmaması, müəllifin fikrincə, problemdir. ABŞ öz gücünü necə istifadə etməyi hələ dərk etməlidir. Amerika yeni dünya nizamından danışır, ancaq bundan sonra nə olacaq? - bunu bilmir.
Fridman yazır ki, ABŞ-da xarici siyasət mütəxəssisləri iki yerə bölünür: birinci düşərgədə realistlərdir. Onlar hesab edirlər ki, ABŞ öz marağından çıxış etməlidir. Bu yaxşı səslənir, o vaxta qədər ki, soruşursan, bəs milli marağı necə müəyyən edirsiniz? İkinci düşərgə idealistlərdir. Onlar Amerikanın gücünü yaxşı işlərə sərf etmək istəyirlər: demokratiya qurmağa, insan haqları pozuntularını dayandırmağa.
Bu da yaxşı səslənir, ancaq soruşanda ki, bu yaxşı işləri necə görəcəksiniz? Cavab verirlər ki, müdaxilə edəcəyik, pis adamları öldürmək üçün...
Fridman yazır ki, ABŞ qlobal gücdür, ancaq münaqişələr, konsepsiyalar arasında vurnuxur. Öz gücünü necə istifadə etməyi anlamaq lazımdır. ABŞ barədə bunları yazandan sonra Fridman Azərbaycana qayıdır. Yazır ki, Azərbaycan coğrafi və enerji baxımından ABŞ üçün strateji yerdir. Avropanın Rusiyadan enerji asılılığını azaltmaq strategiyası ona gətirib ki, Rusiya onun nəzarətindən kənar və Avropaya enerji verə bilən böyük enerji ölkələrinin olmasını istəmir.
Müəllifə görə, Rusiyanın ətraf ölkələrə nüfuzunu azaltmağa çalışmaq ABŞ-ın marağındadır. İranın da qonşu ölkələrə nüfuzunun qabağını almaq yenə ABŞ marağındadır. Ancaq ABŞ-ın gücünün və maraqlarının da bir həddi var. ABŞ elə hər addımda müharibəyə gedə bilməz. Bundan başqa, ABŞ təhlükəsizliyin əsas mənbəyi ola bilməz. Milli təhlükəsizlik ölkələrin öz öhdəsində olan məsələdir.
Fridman yazır ki, Azərbaycan ABŞ-dan daha çox silah almaq istəyir, ancaq əksər hallarda ABŞ bu silahı verməyib. Onda Azərbaycan üzünü İsrailə tutub. Fridmanın fikrincə, Azərbaycan ABŞ-ın tam tərəfdaşı olmağa hər cəhətdən cavab verən ölkədir. Ona görə Azərbaycana ABŞ silahına çıxış verilməlidir, ancaq ABŞ bunu məhdudlaşdırır. Bu məhdudiyyətin iki səbəbi var. Birincisi, ABŞ-dakı erməni lobbisidir. Ancaq ikinci səbəb bundan da güclüdür. O cümlədən Dövlət Departamentində olan insan haqları müdafiəçiləri də daxil, insan haqları müdafiəçiləri deyirlər ki, Azərbaycan hökuməti repressivdir və korrupsiyalaşıb.
Fridman rejimin tənqidinə geostrateji baxımdan yanaşaraq yazır ki, rejimə alternativin daha şəffaf və liberal olacağını təsəvvür etmək çətindir. İranın sponsorluq etdiyi İrana oxşayacaq, Rusiyanın dəstəklədiyi - Rusiyaya. Fridman daha sonra yazır ki, müstəqil Azərbaycan İranın və Rusiyanın boğazına ilişən sümükdür. ABŞ öz strateji tərəfdaşlarına ilkin dəstək strategiyası hazırlamalıdır, nəinki gözləmədiyi böhranlara dağınıq hərbi cavab. Fridman sonda yazır ki, Stalin və Hitler başa düşürdülər ki, Bakıya nəzarət Avrasiya torpaqlarına nəzarətdir. O vaxtdan neft reallıqları dəyişib, ancaq Bakının əhəmiyyəti azalmayıb.
“Stratfor” rəhbəri milliyətcə yəhudidir, C.Fridman özünün də təsdiq etdiyi kimi müntəzəm olaraq Azərbaycana səfərlər edib. Qeyd edək ki, “Stratfor” əvvəllər Azərbaycan və onun hakimiyyəti daxilində gedən klan mübarizələrinə dair təhlillər təqdim edirdi. Lakin son illər bu mərkəzin Azərbaycanla bağlı təhlillərinin əsasən hakimiyyətin maraqlarına uyğunlaşdırıldığı görünməkdədir. “Stratfor” vaxtaşırı olaraq Azərbaycan-İran münasibətləri, enerji məsələləri, Azərbaycanın ABŞ üçün nə dərəcədə mühüm partnyor olduğu haqda təhlillər dərc edir. Bu baxımdan ehtimal edilir ki, hakimiyyətdən kimsə əvvəllər təhlükəli hesabatlar yayan bu mərkəzə yaxşıca maliyyə verib və onun Direktorlar Şurasına öz nümayəndəsini daxil edib.
Onu da xatırladaq ki, xarici işlər naziri Elmar Məmmədyarov bugünlərdə Vaşinqtonda Amerika Yəhudi Komitəsinin qurultayında iştirak edib və yəhudi çevrələri ilə sıx görüşlər keçirib. Rəsmi Bakı Rusiya və İranın təzyiqlərinə qarşı ABŞ-ın Azərbaycana, onun hakimiyyətinə dəstəyi artırması üçün neçə vaxtdır intensiv lobbiçilik həyata keçirir. Bugünlərdə Bakıya onlarla amerikalı senator və konqresin dəvət edilməsi də bu lobbiçilik kampaniyasının bir hissəsidir.
Yorumlar
Yorum Gönder